Friday, October 06, 2006


پريناز محمدي


Pərinaz Muhəmmədi



------------------
Axşam başıdır
Siqara dodağında
Tüstüsü ciyərlərinə dola- dola
beyininde yeddi düşüncə yaranır
altısı qara biri ablaq

Gecə yarısıdır
Siqara dodağında
Tüstüsü ciyərlərinə dola- dola
Saçlarının qıvrılışından
minlər qamçı törənir sevgi yazarlarına
ürəyin nə törədəcək? Nə?

Səhər çağıdır
Siqara dodağında
Tüstüsü ciyərlərinə dola- dola
danulduzu göydən asır özünü
və sən hələ də
bir ağacın qalın budağına fikirləşirsən.

April 04, 2004

------------------
Sayıram
tox yatan günlərimi
Yoxsulluğumdan çıxsam
dünyaya borclu qalar ürəyim.
Sayırsan
quru südlərinin qutusunu
ana südü əmən günlərindən çıxsan
dünya borclu qalar sənə.

23 il ışığa açılan gözlərin
haçağ dilə gəlib, deyəcək:
“ Tanrı!...
Borcunu qaytar”

April 05, 2004

------------------
Səni gördüyümün ikinci gecəsi
xəyalın ilanı beyinimə dolaşdı
bu mor yurdun sultanını tapıb, çaldı
ürəyimdə partlayıb,
dəli sayağı yaşadım mən.

Dünən gecə istəkli əllərim
birisinin dar ağacını çalıb
asdı ilanı!

Boğazına doldu boğulmaq
gözüm önündə qaraldın “sən”

April 08, 2004

------------------
Donma, siberidə deyil sən
qara bürünmüş "Təbriz"dir bura
Buranında göyündən
şaxtalı qəndillər aslanar
İti sazaqları inci doğar gözlərdə
Səni qəriblər yurdundan tutub
Təbrizə gətirmişəm büyün

Suçun…
Bir baxış!

Ala duvarlı otaqdasan
zəncir deyil, kələfçə deyil
əl- ayağına dolaşanlar
Ürəyimin tel- tel damarlarıdır
Hələlik bu zindanda qalmalısan
bəlkə bir gün əfv yedi gözlərinə!

April 10, 2004

------------------
Görüşümüzün il dönümüdür sabah!

Və sən uzaqlardasan
günəşin batma durumunda
Qaş səndə başlanır
və mən səndə qurtarıram
son sevgimi!

Görüşümüzün il dönümüdür sabah!
Və mən gizli- gizli
gilələrimi gizlədirəm avucumda
İtirməyəm baxışlarını
qarışmayam yeni bir oyuna

Görüşümüzün il dönümüdür sabah!
Ancaq mum yandırmayacağam
çiçək almayacağam bu qurtuluşa
yalnız gülə- gülə batacağam susqunluğa.

Görüşümüzün il dönümüdür sabah!
Səhər açılmasın keşkə
sən ələ çatmaz uzaqlardasan!

April 23, 2004

------------------
Qürbətdə yaşamaq tüfəngin tək
çiyinində əğırlıq eyləsə
və ağır potunların
yalqızlığını daşıyanmasa

Səhərlər dağların sərin havası
ciyərlərinə dolmasa
və gecələr betonlı banı yerinə
ulduzlar gözünün önündə durmasa

Geçindir ürəyini o boğuntu havada
Sanma darıxan yalnız “sən”sən!

Burada
Tabrizin bütün küçələri darıxır sənə

April 25, 2004

------------------
Dəlilik yağırı odamdan büyün
Sazaqlı duvarlar söykənir mənə
Qolçağım tərpənir süzdürür gözün
Balasın uydurub, qoşulur mənə

Dəlilik yağırı odamdan büyün
Qələmim ağlayır, dəftərim gülür
əksin solumda qahqaha çəkir
Sonunda xatirən sağımda durur

Dəlilik yağırı odamdan büyün
Həsrətin bütövlük sarışıb mənə
Sən dəli, mən dəli, fələk lap dəli
Gah dodaq büzürü, gah gülür mənə.

April, 2004

------------------
Məni haralara sürüyəcəksən?!
Yolun birinci durumundayıq hələ
Dayan!

Sən ki, varlığıma inanmamısan,
dağlığıma inan barı!
Başımın qarsızlığına da baxma
Savalandan öyrənmişəm dağ olmağı
Dayan!
çökmərəm, dağılmaram
gülüşümün al çiçəklərini də
soldura bilməz heç xəzan

Dayan qarşına çıxan acılar önündə
Sən ki, rüya deyilsən
bir kiprik çalınmasında bitəsən tez!

“Yenilməz gərçəyim!” Dayan!
Yolun birinci durumundayıq hələ
Sən məni haralara sürüyəcəksən?!

May 16, 2004

------------------
İsm..., İsm..., İsm...
İsmlər ilan sayağı boynuna dolaşıb
Dar ağacına salam söyləyibsən bəlki?!
Qulaqlarım eşitmədən salamlayıb səni
və sən “İsmlər” boynuna dolaşa- dolaşa
mənimi çağırırsan?
Qulaqlarım eşitmir
ancaq hissim deyir bunu çığıra-çığıra

Nə bilim bu nə biçim ismdir içimdə gəzir
Qoymayır salam söyləyəm dar ağacına
məni sənə sarı çəkir
Mənmi qıracağam dar ağacının ipini?
Ancaq tək başıma gücüm yetməyir!

Yardım edərmisən mənə?
Yoxsa uzaqdan- uzağa
qanına bələşəcəksən
Ya ki, gözlərim görə- görə
uçacaqsan mavi göylərdə
Məni yerlər darısqanlığında buraxacaqsan
Yalnız bir dar ağacı qalacaq, bir də mən!

“Marxism, socialism, nihilism...”
İsmlər başım üstə fırlana- fırlana
bu yeni qurulmuş ismi düşünürəm

Yaşamism düşüncəsi var məndə!

Yardım edərmisən mənə?
Yoxsa, dar ağacına salam söyləyibsənmi?

June 06, 2004 15:40

------------------
Amandır! Yol ver gözlərimə!
Yarışmaqdadır düşüncələr duyğularımla
Öpüşməkdədir göz yaşları yanaqlarımla
və mən tələsik ayaqlarımı qabaqlayıram

Amandır! Yol ver gözlərimə!
Dikilib baxışlarım getdiyin yola
Bıraxmayır məni ılğımı
Bu sevginin ılğım olmağından
qorxu var ürəyimdə
Gərçəyi görmək istəyirəm
Amandır! Yol ver gözlərimə!

Sonsuz yollar çəkir aparır xəyalını
Dirçələnib önündə bir incə duyğu
ancaq getməlisən
Yalqız yola düşmə!
Amandır! Yol ver gözlərimə!

June 24, 2004

------------------
Qarışqa kəpənək olmaq həvəsiylə
oda salır özünü
ərimiş mumlar içində quylanır,
çiçək gətirən olmayır məzarına
və mən qarışqa olmaq həvəsiylə
qəbrinə sarışıram
Yol tapıb içəriyə girirəm
kəmiklərindən dostluq qoxusu gəlir
nəfəs alıram səndən
uşaqlıq çağlarımı quylayıram ürəyimdə
dışarıya çıxıram və
kəpənək olmaq həvəsiylə
oda salıram özümü!

June 26, 2004

------------------
Bu ölkədə minlər “İnsan” tutulub
Suç yazılıb onlara
Günahsız barmaqlarından dırnaqlar çəkilib
Maskasız üzlərindən üzlər soyulub
və sonunda min kərə asıblar onları “adamlar”!
Bu arada birisi hələ dar ipi
boynunun damarını xıncıtmadan
sevgilisinin çığırışından boğulub
Həsrətinin kölgəsində can verib
“Dağlar” çığırışını eşidiblər
qorxudan qaytaranmayıblar səsini
və indi, illər boyudur
bir uca hayqırış
“mor dağların”
boğazında qalıb.

June 29, 2004

------------------
Günəş deyilmiş gözlərin!
Yalqızlığımın çərçivəsindən
zolaqların toprağıma düşəndə,
can almışıdım
ürəyim çiçək açmışıdı
ancaq, günəş deyilmiş gözlərin!

Sankı cığırda yoxumuş duyğularında
ki geçənmədim ürəyindən
Dayandığım yerdə qurudum,
daş oldum
mənə də çənsiz dağ dedilər

Darıxsan mənə sarı gəl
Sevgin olursa deş bağrımı
Görəcəksən yazılıb
Günəş deyilmiş gözlərin
Aldanmışıdım
ürəyim çiçək açmışıdı!

July 23, 2004

------------------
Qaranlıqdır, kibrit çəkirəm
Bir bucaqda ağac budaqlarını göyə çırmalayıb
və uşaqlığım budağa çatmaq həvəsiylə
boy atmağa tələsir

Qaranlıqdır, kibrit çəkirəm
Bir bucaqda, gencliyim hövüşnələriylə
Beyinim düşüncələriylə
və duyğularım sevişməylə aldadır özünü

Qaranlıqdır, kibrit çəkirəm
ürəyimin sonuncu bucağında
budaqlarını kəsəcəklər
gövdəni sürgünə yollayacaqlar
və bəlki də bir səhər
xəyalını asacaqlar gözlərimdən

Qaranlıqdır, kibrit çəkirəm
Boşluq bütövlükdə ürəyimə dolur
çəkdiyim kibritləri birər- birər
qolum üstə söndürürəm
Qaranlıqdır ancaq
gələcəyi lap aydın görürəm!

August 02, 2004 15:10

------------------
Gözlərim damarlarımdan qanımı somurur
Səni yaşadanmıram şeirlərimdə
və bu yeni açılmış dəftərim
yazılmamış qıçım üstə uyur

Gözlərim damarlarımdan qanımı somurur
və ürəyim hövüşnəli
gələcəyin qapılarına sarılır
kim boylanacaq ruhumun pəncərəsindən,
duyğumun duvarından?
və yazın ortasında
kim yaxacaq sonsuz gülüşü dodaqlarıma?

Gözlərim damarlarımdan qanımı somurur
Qıyma budaqlarım quruya.

September 15, 2004

------------------
Dunyanın quralını tapsaydım
Aldanmazdım tanrının şirin yalanlarına
və bir ömür baxışlarının cırğını çəkməzidim
gözlərimi bağlayardım gülüşünə,
pisliklərə dirənməzidim

Dunyanın quralını tapsaydım
Cəhənnəm istisini ürəyimdə duya- duya
sərin qucağından heç çəkilməzdim
Heç də diksinməzdim bir gecə
cisminin duvarından aşıb
ruhunu çalmadan

Dunyanın quralını tapsaydım
Dırnaqlarım daha ətimə batmazdı
ən dəyərli varlığımı avucumda sıxmaqdan
Çim çakməzdim
tüstü qoxulu körpələri bağrıma basmaqdan

Ah…
Bir bu dunyanın quralını tapsaydım bulmacalarda!

September 27, 2004

------------------
Məni gözlərinə doldur
Kipriklərinin ardında daldalanmaq istəyirəm
Daha çox istəkli olursam sənə
qaytar məni bir gün ürəyinə doldur

Aman…
Bu gecə ruhum eşinir bədənimdə
Bir dönədə gözlərimi açsam səhər sənsizliyə,
calanacağam sərin havaya,
itəcəyəm bəlki nəfəslər içində

Nə olar?!
Tab məni o səhər “ sevgİlİm ”
isti- isti ciyərlərinə doldur

December 06, 2004

------------------
Yenə gözlərini itirmişəm yollarda
Öpüşlərinə tələsirəm düşlərimdə
və qucağının sıcaqlığını arayıram
bir bə uyxularımda
Ürəyim səni özləyir
və əllərim uçurtmadığım kəpənəkləri oxşayır

Ah…
Necə gözlərimə uyxu gələcək bu gecə sənsiz
“ ah” larımı boğula- boğula udqunuram
Dodaqlarım buz bağlayıb!

Bura sənsiz soyuq…
Soyuq…
Soyuq…


February 07, 2005

------------------
Gecə tez çökmüş odaya büyün
heç bir ışıq yox
həlbət sən gedibsən
Bir vida çağı kimi bura susqun, həzin
içimdə ölüşgəyən bir fıdan
toprağıma qarışmaq istəyir
dirildə bilsəyidim onu!
Qayıtmağının umuduna
yazıram bu sona çatmayan şeiri
səni çağırır dodaqlarım
uzaqlardan səs ver mənə
dağlar hələ də bizim yardımcımız
çıxıb gəlmək istəsən
əriyəcəklər qıssa bir anda
lötgəni dağlar dənizini sal
qollarım açıq, seni bəkləcəyəm qaranlığın bağrında
yalqızlığımda qayıtmağının umuduna
yazıram bu sona çatmayan şeiri
Gecə tez çökmüş odaya büyün
heç bir ışıq yox
həlbət sən gedibsən…

March 24, 2005

------------------
Gözlərimə baxma!
min illik itiraz odu qalanıb içində
yaxınlaşarsan közləri damğalayar gözlərini

əllərimə baxma!
nisgillər qamçısı var avucumda
alarsan əllərimi əllərinə
ölmüş arzuların ipiylə qamçılanarsan

barmaqlarıma baxma!
Saya gəlməyən qədər
qəbir qazmışam adamlara
gömərmişəm gövdələrini
dərin- dərin qaranlıqlarda

dodaqlarıma baxma!
aslan ürəyi yemişəm gəncliyimdə
bunların hamısını buraxaraq ürəyimə bax!
ürəyimə bax!
mən bir qadınam!

March 29,2005

------------------
Burada birisini qadınlıq cürmünə qurşuna bağlayırlar
Anadan olduğuna peşmanlamayıb gözləri
Ürəyindəki sərtlik əllərinə və gövdəsinə dayaq durmuş
Kimsəyə yalvarmayıb bu hırsız
Qara tanrılardan qalan yasaları
Ləçəyinə düyünləyib bir zaman
Və indi
Günahsız ürəyinə taxıllar
Qadınlıq cürmünü
Baxışlarla toxunullar namusuna hər an
Qurd dağıdıb şərəfi bu ölkədə artıq
" İnsan" tapasan öp əllərini sevgilim!

April 19,2005

------------------
Mənim bu dörd bucaqlı dünyamda
yaratmağa nə qalıbkı?!
yaranışın ən acıları
düzülüblər ard-arda kölgəmdə
mən olmasam harada ağır yüklərini yerə qoyacaqlar
ah…
bir nağıl yazsam
bir qoşma qoşsam
bir şeir desəm
acıları boşaldaram sözcüklərə
rühümün titrək damarları dincələr bir an

Nə umursan əllərimdən ürək?!
mənim bu dörd bucaqlı dunyamda
günlər illərcə uzanıb
Yeddi il çəkəcək yaşamımın şeirin yaradam.

May 24, 2005

------------------
Məni dağlar ətəyində quylayın
Bəlki bir səhər gözüm üstə ayaq qoya sevgilim
Anılarıma can bağışlaya bir kez daha!

Məni dağlar ətəyində quylayın
Yol yorğunu olanda
Oba qura bağrımda
Ot qalaya könlümdə
Gecə çökəndə gözlərin baş qoya çiyinimə,
Bir gecəlik qoynumda uyuya.

Bu son arzum
Məni dağlar ətəyində quylayın!

July 16, 2005

------------------
Bu gecə dağları çiyinimə alacağam
Gücüm yetsə dərdlərini də
yapraq-yapraq solub toprağa dalacağam
Günəşi gözləmək olarmı sənsiz?

Sən yoxsan ki, bu şəhərdə
qayıtmağın bir ömür çəkəcək
Gecəni gündüzə,
gündüzü gecəyə,
zamanı zamana düyünləmək olarmı sənsiz?

August 12, 2005

------------------
“Sən yoxsan bu şəhərdə!”
şeirlimin başlanışı

“Sən yoxsan bu şəhərdə!”
şeirlimin qurtarışı

“Sən yoxsan bu şəhərdə!”
yaşamımın…
başlanışı
geçmişi
gələcəyi
və qurtarışı!

September 16, 2005

Labels:

1 Comments:

At 9:24 AM, Blogger douman said...

aziz va sevgili dostum perinaz khanim , sizi salamlayib va bu web da sizin va bashke azerbaijan qadinlarinin oldughu shiir lara chox sevindim .man sizinla gorushmaghi chox ozlamisham va her zaman dostlardan khesusan parisa khanim dan size salamlar gondarmisham. sevinjila yolunuz va messaglarinizi gozlayan : toy sherina jevab yazan shaahin

 

Post a Comment

<< Home