Friday, October 06, 2006




1

Duyğularım körpə kəpənək,
Qanad çalır
Həyatımın xəzan vurmuş bağçasında
Payızım küləyində
Al- əlvanlı qanadları
Naxış salır
Qızarılmış yarpaqların üzərində.
Qanadsız duyğular
Körpə kəpənək
Basdırır xəzana
Amansız külək.

2
Anlarla döyüşüb
ona yenilib
yıxılıb
bir daha durmaqdır
yaşamaq!
zülmə
zəlalətə kələfcələnmədən
özgür yaşamaqdır
yaşamaq!
and- a ölməkdir yaşamaq!

3
Ürəyimizi torpağımıza gömürdük
Cəsarəti düşüncəmizdə yaşadırdıq
Və ölümü
Nəfəs kimi içimizə çəkirdik
Acılıq süfrəmizin yeməyi olmuşdu
Ahımızsa vulkan püskürdürdü susan dağlarımıza
Və xaça çəkilmiş dilimiz
Fəlakəti haqsızlğı illər boyu tüpürəmədi
Udamadı
Bir ağız dolusu yaşadı
Və susdu!

4
Hanı!

Hanı!
Hanı uçacaqdıq
Ucalacaqdıq
Sevda qanadıyla.
Qanadın yoxdursa
Qanadlanıb
səninlə bilə
uçacayıq demişdin də
hala...
hala sınmış qanadım dikəlirdə
bax
sən yoxsan
qanadım da qalxmır.
Sevgilim söylədə
Bir gün göylərdə quşlanarkən
Məni sürünməkdə görsən
Utanacaqmısın?!

5
Gözlərimdən çəkildikcə
Həsrətin ürəyimə damırdı damcı- damcı
Və ölüm çalqısını calırdı dizlərimə.
Gedəndə çantanda götürdün sevdalı ruhumu
Və məndə qalan
Yol boyu uzanan kölgəm
Yeyilirdi dilim dilim.
Və bir tək qalacaq
Qurumuş ağaca bənzəyəndir
Şıdırqı yağış altında
Boynu bükük görünürdü.
Bu mən idim
Heç yerdə yonulmayan
Sevgi abidəsi

6
ətləri ətimdən idi onların
qanlarımız tutmurdu.
gözləri düyünlənmiş kipriklərdən baxırdı
halalları da harama yoğrulmuşdu.
yollarımız bir idi sanki
ama ayaqları
ayaqlarım kimi qabarlı deyildi heç.
əl - ələ verdik biz
tüm ulduzları evlərinə dərmək idi amacımız
və bir gecə qonaqlığında
dost gülüşlülərinə pay verəcəkmişdilər.

7
Yaz yağışlarında səpildin şəhərimizə
Gözlərim səni həsrət bağırdı hər kəsə
O yağışlı gün ortada
Qorxurdum
Tapılanda yox olacaqdın
Bəlkə
Yuxularımdakılar kimi.

8
illərcə yaşadığım şəhər
indi qurbət gəlir mənə
o da unutdu Eynalısındakı yediyimiz duz – çörəyi
gözünə dursun demirəm
təki
daracıq küçələrindəki itmiş uşaqlığımı
bir də dağlarında içdiyim andı
tapa bilsəm
əl üzüb köçərəm diyar – diyar
özgənin Təbrizinə.

9
Sözüm dilimdə qurudulandan bəri
Canımı avucuma yığıb
Özümü ürəyimin fırtınasına vurdum.
Önümdə duran uzun yol
Ölüm qalxanlıydı
Up – uca dağlar boyu uzanmışdı
Və arxamca səpilən anamın göz yaşlarıydı
Məzarımın ətirli suyuna dönüşdü.

10
Gözlərinə baxacaqlar
Ürəyini yoxlayacaqlar
Cebinə bilə əl atacaqlar
Kimliyin ürəklərindən deyilsə...
□□□
Ağzın qanlıdırsa tüpürmə canım
Burada torpağında gözü var
Alnın fəlakətin aynasıdır
Gülüşlərin gizlətməyəcək onları kəsin
Sus ancaq sus
Burada yalan yol tutub gedir.

11
Gəncliyim saçlarıma bənzəyir nədən
Zamanla boyasın uduzur
Ömür saniyələr qovrasında yonulur
Sən varlığım!
Zamanla nə olacaqsan?!

12

Oy əsən yel!
külümü savuracaqsan
barı
ölkəmə doğru əs
bir gəldiyimə varayım.
qoy sağ əlim ötükənə pay olsun
sol əlimsə siberiyamı tutsun
Araz laylamı sızlasın beşiyində
özləmli baxışlarıma.
qoy torpağım olsun məzarım
kimliyimsə baş daşım
bu anılmayan çağda
oy əsən yel...

Labels:

0 Comments:

Post a Comment

<< Home