Friday, October 06, 2006


اورمولو توركان


Urmulu Türkan


turkan_urmulu@yahoo.com






1.Tamam canım

boşladım gözlərini
bu pəncərə
bu da mən
hər gün səhər günəşlə
baxışıram
göz gözə ...
səhər mənim
şəhər mənim
şer mənim
sığa bilər birində
gözlərimin yaşında buz bağlayan
öldürücü həsrətin
...
tamam canım
boşladım gözlərini
bu pəncərə
bu da mən
bax hər axşam ufuqla
qolboyunam
əl ələ ....
ayla yoldaş olmuşuq
min ulduz var qoynumda
sən gedəndən hər gecə...


tamam canım boşladım...
sən qazandın
bir heçə...

2 .
qaşlarımı aldırmayacağam hələ!
Qoy bu ayrılığın qırxı çıxsın
sonra...

nə məktublar
nə mahnılar
nə rəsimlər...
yoooox
inan ki hədyələrə görə deyil bunlar !

təkcə güzgünün xətirini saxlamalıyam
yuxadır ürəyi axı
üzümə baxmaya bilər
gəlin çıxan a..n..l..a..r..ı..m..d..a......

başqasının üzünə baxmayacağam hələ!
Qoy bu sevdanın ili çıxsın
Sonra...

3
Ürəyini
iskambil kağazlarında axtardığıma
gülmə !
Sənsizliyin məhşərində donmuş ruhuma
əlimdən gələn bir şey önər
gecənin yarısı...

4
Təkər təkər ...
Sürtüldü şerim caddələrə!

Asfaltı gəmirən tərli otobusun içində

qanadı
qanserli oğlanın dərdindən!!

Gözləri doldu !!
Vaaaaveyla ...

yardım edin şairlər
mən ağlaya bilmədim...

5
Sən
otağımın pəncərəsindən
Urmunun tərli havasına doğru uçan
tüstü oldun sadəcə

bir də yarım qalmış bardağımın dibində donan
peşman cəsarətimin artığı
boşluğumda bacıma anlatdığım
o sallaq dodaq hikayələrdən

sən qızsal sözcüklərin qəhrində bulanan
o küs nənə oldun
küsdürdün!

Eeeey baxışlı gülüşlü qəhrəman
təbrikləəəər
şair qızın göz yaşı oldun !

6
O
məni məndə taparaq
mənə bir mən verire
mən o məni
nə sənə
nə ona
nə mənə
sata bilməm gözəlim
o mənim
mənliyimin zirvəsidir
dana bilməm gözəlim
məni məndən alaraq
sənə sən söyləyəməm
anla məni
gözəl yarım
gözbəbəyim

7
Haradaydın sən?
dünən pərdə dalına baxdım
yoxuydun!
Pəncərəni açdım həyətə baxdım
Yoxuydun!
Otaqları bir bir axtardım
dəlirdim
dolablara
çəkməcələrə
çantama bilə baxdım
yoxuydun!
Paltarlarımın ceblərinə
Saatıma
üzüyümə
istəkana

semavara
su səpilmiş küçələrə
Saray qaçırdan sellərə ...
Yoxuydun!
Nə boşuna üzüldüm!
yorğun arğın
xəstə ürəyimə döndüm
gözüm aydın
sən ordaydın varıydın ...

8
Mənim də hisimi alın qadınlar
Pərdə pəncərə
Taxta tabaq
Heç olmazsa yorğan üzü sanın məni!!

Paxırlanmışam baxın!
Çarğatımı başımdan atın!
Saçlarımı darayın!

sonra da
şəhərə gül almaya yollayın ...

mən də
bu şəhərdə
artıq nəfəs almalıyıq

siz də
gülümsəyin
gülümsəyin
gülümsəyin qadınlar...
qar altında qar çiçəyin unudmayın qadınlar
qadınlar
qadınlar...

9
Sənin mənə baxışların
şarab camlarına axsa belə
gülüşlərinlə birlikdə,
nə çıplaq bir sonuç olar
nə də uzaqlaşınca məni ağladar
bu durum
ancaq
şer olar!

mənə baxar
+
yağar...


10
Məni buraxmayan
2 vurğunum var
2 dəlim!

Birinin adı yaşam
Birinin adı ölüm

Ucaboy yaşam gözəldir,
mənə baxar
şer yazar
şarab içər...
ölümsə
təkcə xəbər göndərər
sonda mənimsən deyər.

nəysə
mən sevgilimi seçmişəm
gedin deyin ölümə
yaşamla sevişmişəm.


11
Gözəlliyin örnəyini qoyduğun an
gözlərimin önünə,
gözəl sandığım
bütün gözlər
gözümdən düşdülər!

Gözlərimə zillən sevgilim
Baxacaq yerim qalmadı...

12
Məni götürdüyün an
ətəyində duracağam sandım
o dağın.

Deməli
zirvədə varmış
soyuq qar
islaq yağış!

Nə yorğan götürmüşəm
nə balış

sar məni sevgilim
sığınacaq yerim qalmadı.


13
Bax
əllərim bom boş!
Nə məktub səsi var otağımda
nə bir baxış
gözlərindən
göz yaşlarımda
bir şey ummaram
qorxma!

Mən bu alçaq göyül sevdamı
Sevərəm.

14
Gecə yarısı
gün orta çağı
ikindi
öylən
səhər
...

ən dəli anımda gəl!
Səni
şer etmək istəyirəm.

15
Ölümdən
qorxdüğüm üçün dəyil,

qucağına
özgür getmək üçün,
yaşamı sevərəəəəəəm.

16
İllərdir
bu ayaqyalın xiyavanların


gedə atmacalarından
iyrənirəm.
Birgün
şəhərin ortasında
qusarsam
mənə
xəstə adı qoymayın,
adım
Türkan
qadınam.


Günəşin anahtarı...

yalnız deyiləm artıq
otağımın anahtarı
gunəşdə var!
darıxdığım zamanlar gələr
heçdə gürültü etməz
gecəylə barışıqdır üstəlik
istədiyi zaman saçar...
meyvə
çay
xoşgəldin
salam belə bəkləməz!!
Buralardakılara bənzəməz...
Oturacağı yeri yaxşı tanır !
Sssssuuusss...
taxta masanın üstündə
ağ kağazlar
o + mənim ap aydın anılarım...
qaça qaça gəlin
eeeey yetim qalmış şəhərimin
xiyavanlarında ayaqlanan dilimin
dəli sözcükləri!!
Yaşaya bilərsiniz artıq
Günəşin anahtarı məndə var...

Azərbaycan Ulduzu

Sən ki qanad açmayıbsan
Göy üzündə uçmayıbsan
Quşlara yolsuzdur demə!
Günəşə qolsuzdur demə!
Sən ki aşıq olmayıbsan
Heç saz ələ almayıbsan
Aşıqlara məcnun demə!
Hər Səmədə vurğun demə!
Sən ki bağban olmayıbsan
Gözü göydə qalmayıbsan
Buludlara ləkə demə!
Yağmayaydı keşkə demə!
Sən ki şoxum əkməyibsən
Alın təri tökməyibsən
Rəşbərə müftəxor demə!
Yerdə səmər yoxdur demə!
Sən ki yad qulluğundasan
Özgələr quyruğundasan
Öz dilində yazma! Demə!
Bizim dəbi pozma! Demə!
Mən “Türkan”am, Türk qızıyam
Azərbaycan ulduzuyam
Anlamışam varlığımı
Öz dilini qanma demə!

Xatırlar...

Təkliyimdəki axşam...
Gözləri dolar ara sıra!
Gözlərinin rəngini
yadırğ amasın-deyə,
Sözlərin yazar ara sıra...
Möcüzəli bir söz ağlar...
Sətirlər
ardı ardına dolar,
baxışlarında çabalar!
Sətirlərin rəngi atar,
xatırlar...
xatırlar...
xatırlar...
-----------------
Biləsuvar gömrüyündə 10 otaq

Gözləri çox umudsuz!
Gözəl baxış görməyib!
Kiprikləri cum culaq!
Bax sən ona, arxadaş!
Dodaqları bəm bəyaz!
Umud gölü çox dayaz!
Dondurur qəlbin ayaz!
Öp, sən onu, arxadaş!
O çooox! Amma çox qərib!
Gülüş nədir? Bilməyib!
Sevgi ona gülməyib!
Gül sən ona, arxadaş!
Sev sən onu, arxadaş!

28-03-2007: Biləsuvar gömrüyündə 10 otaq

RASİM QARACA
azadyazarlar@yahoo.com

Hər il Novruz bayramı şənliklərinə qatılmaqdan ötrü qonşu İrandan ölkəmizə təqribən 40-50 min turist gəlir. İran vətəndaşına Bakı bir həftəlik, 10 günlük gəzi üçün ən əlverişli məntəqədir. Şübhəsiz, İrandan ölkəmizə gələn turistlərin əsas hissəsi Güney Azərbaycandan olan soydaşlarımızdır, demək artıqdır, bu insanlar həm tə'til etmək, həm də ayrılıq həsrətini gedərmək üçün müstəqil Azərbaycan'a gəlirlər.

On illər boyunca Azərbaycan'ı, Bakı'nı görmək arzusuyla yaşayan insanları təsəvvürünüzə gətirin, onlar üçün bizim yaşadığımız bu ölkə əfsanəvi bir məkandır... Deməyə nə ehtiyac var axı, Araz'ın o tayından gələn insanlar bu taya necə əsrarəngiz duyğular bəsləyirlər.

Ancaq gəl gələlim Azərbaycan sərhədlərinə ayaq basan o taylı qardaş-bacılarımızın bütün gözəl duyğuları uf demədən ayaqlar altına atılır, elə gömrük yoxlama məntəqəsindəcə onları ağlagəlməz kobud münasibət gözləyir, çox keçmədən müstəqil Azərbaycan Respublikasına ayaq basdıqlarına görə onlarda peşmançılıq hissi yaranır.

Bayram günlərində ailəsiylə birlikdə Bakı'ya turistik gəzintiyə gəlmiş güneyli gənc yazıçı Türkan Urmulu Biləsuvar gömrük məntəqəsindən Bakı'ya çatıncaya qədər başlarına gələn xoşəgəlməz hadisələrdən danışdı: “İran'a ən yaxın ölkə Azərbaycan'dır, ətraf ölkələrlə müqayisədə ən əlverişli olanı Azərbaycan'dır. Çox insan, hətta Farslar buraya gəlmək istərlər. Ancaq kiçik səbəblər bu gəliş-gedişi əngəlləyir. Azərbaycan'da turistləri qəbul etmək mədəniyyəti aşağı səviyyədədir, burada turistlərlə çox qaba rəftarın şahidi oluruq...”

İrandan Azərbaycan'a gələn vətəndaşın rəsmi viza xərci 45 dolara yaxındır. Əslində yüksək olan bu rəqəmi İran vətəndaşı ödəməyə hazırdır, yetər ki, sərhəddi adlamaq məsrəfləri bununla tamamlana. Ancaq xərclər bununla bitmir. Biləsuvar gömrük məntəqəsindən geçən dostlarımız burada əcayib mənzərənin şahidi olublar: “Geçid-yoxlama məntəqəsində insanlarla sanki bir cinayətkarmış kimi davranırlar, mədəni rəftar göstərmirlər, otaq-otaq gəzdirirlər, bir otaqdan o biri otağa göndərirlər, hər otaqda da məcburən pul verməlisən, təqribən 10 belə otaqdan geçib hər birində 5-10 dolar verdikdən sonra sərbəst buraxırlar”.

Lakin bu sərbəstlik çox da uzun sürmür. Şəxsi maşınlarıyla gələn qonaqları yol boyu, Bakı'ya çatana qədər yol polisləri bir neçə yerdə “radara salıb” pul alıblar. Bakı'ya çatdıqdan sonra artıq qonaqlar maşınla gəzməkdən vaz geçiblər, yabançı nömrəylə dolaşmağın çox xərci olacağını anlayıblar. Şəhəri gəzərkən də güneyli qonaqlarımız xidmət mədəniyyətinin aşağı səviyyədə olmasının şahidi olublar.

Bəli, çiçəklənən respublikamızın giriş qapılarında mənzərə heç də ürəkaçan deyil. Bu ölkəyə ayaq basan yabançı bir də buraya gəlməyəcəyinə and içir, geriyə döndükdən sonra da həmvətənlərinə burada gördüyü eybəcərlikləri danışırlar. Uzun illərin yaramazlıqları İran vətəndaşında Azərbaycan'a qarşı bir qorxu hissi yaradıb, dolayısıyla Azərbaycan rüşvətxor polislər üzündən özünü böyük turist gəlirləri potensiyalından məhrum edib, bu turistlərdən ölkə xəzinəsinə daxil olacaq pullar bir qurup mə'murun özbaşınalığına qurban gedib.

Önəmli olan isə pul deyil. Müstəqil Azərbaycan'a ümid yeri kimi baxan milyonlarla insanın ümidini qırmaq elə bir cinayətdir ki, bunu sözlə ifadə etmək çətindir... Mədəni insan öz qardaşına qarşı bu cür rəftar etməməlidir. Fars molla rejimi əsarətində böyük məhrumiyyətlər yaşayan bu insanların bizim bir xoş sözümüzə, diqqət və qayğımıza nə qədər ehtiyacları olduğunun fərqindəmisiniz?

22 yaşlı gözəl qızımız Türkan Urmulu'nun ürək yaxan misralarına diqqət edin:

Gözləri çox umudsuz!
Gözəl baxış görməyib!
Kiprikləri cum culaq!
Bax sən ona, arxadaş!
Dodaqları bəm bəyaz!
Umud gölü çox dayaz!
Dondurur qəlbin ayaz!
Öp, sən onu, arxadaş!
O çooox! Amma çox qərib!
Gülüş nədir? Bilməyib!
Sevgi ona gülməyib!
Gül sən ona, arxadaş!
Sev sən onu, arxadaş!

Labels:

2 Comments:

At 1:14 AM, Blogger Unknown said...

Iranda turk saiiri kadinlardan olmak mene cok cekici geldi, basarili gunler sizin olsun

 
At 1:49 PM, Blogger çağatay said...

yetenekli ve zarif görüşlü şairimiz türkan'a tebrik ediyorum, yolun açık olsun...

 

Post a Comment

<< Home